Qaşqara doğru: Yol. Birinci Hissə

Shujaat Ahmadzada
6 min readJul 21, 2023

--

Əslən qazax olan Çokan Vəlixanov (1835–1865) Rusiya Coğrafiyaçıları Cəmiyyəti üçün Mərkəzi Asiya, Şərqi Türküstan bölgələri ilə bağlı bir çox etnoqrafik hesabatların müəllifi olmuşdur. Onun yazıları Rusiyanın imperial elitası üçün həmin dövrlər yenicə müstəmləkələşdirilmiş Mərkəzi Asiya regionunu “daha yaxından” tanımağa əhəmiyyətli dərəcədə kömək etmişdir.

1850-ci illərdə Rusiya İmperiyası Mərkəzi Asiyadan sonra Şərqi Türküstanda (müasir Çinin qərbi) yerləşən ticari əhəmiyyətli şəhərlərin işğalında maraqlı idi. Səhralıq Tarım hövzəsində yerləşən oasis şəhərlər Şərq-Qərb ticarətində xüsusi rol oynayırdılar. Bu baxımdan uyğurların yaşadığı Qaşqar şəhərinin rolu əvəzsiz idi.

Belə olan halda, Rusiya İmperiyası gənc Ç. Vəlixanovu Qaşqar və ətraf bölgələr barəsində lazımi kəşfiyyat məlumatları toplamaq üçün regiona göndərir. “Tacir” adı altında səyahətə başlayan Vəlixanov Mərkəzi Asiyadan yola çıxaraq Qaşqara qədər gedir. O öz müşahidə və qeydlərini “Junqariya Gündəlikləri” adlı əsərində yazı halına salır.

Çokan Vəlixanov

Mərkəzi Asiyanın Rusiyaya “birləşməsinin” qatı tərəfdarı olan Vəlixanovun yazılarını oxumaq bizə 19-cu əsr Mərkəzi Asiya və Şərqi Türküstanı ilə bağlı əvəzsiz etnoqrafik məlumatlar verməklə yanaşı həmin dövrdə imperial elitaların və onların yerli dəstəkçilərinin yerli xalqlara qarşı hansı düşüncə, stereotiplərə sahib olduğunu göstərir.

Vəlixanovun qeydlərinin bir qismini tərcümə etmək qərarına gəldim. Tərcümənin birinci hissəsi:

1858-ci ilin sonunda Qaşqara daxil olmaq üçün kokandlı tacir qiyafəsində karvana qoşuldum. Məşhur Marko Polo (1272) və Bento de Gois (1603) istisna olmaqla bu şəhəri yalnız 2 avropalı ziyarət edə bilib: onlardan biri adı naməlum, Ost Hind şirkətində işləmiş alman zabit, digəri isə Adolf Schlagintveit adlı prussiyalı olmuşdur. Birinci şəxsin arxasına bambuk ağacı ilə o qədər vurmuşdular ki, iki gün at çapa bilməmişdi. İkincinin isə başını kəsərək başqa insan başlarından düzəldilmiş qüllənin üstünə qoymuşdular.

Qaşqar Çinin Nan-Lu əyalətinə aiddir və hələ Ptolemey zamanından böyük karvan şəhəri kimi məşhurdur. Şəhər çay ticarətinin əsas mərkəzlərindən biridir. Şanxay və Kanton avropalılar üçün hansı məna kəsb edirsə, Qaşqar da Asiya üçün o deməkdir. Qaşqar həmçinin Şərqdə öz “çaukanları” — uyğurca evli olmayan xanımlara deyilən söz — ilə məşhurdur. Şəhərə gələn hər bir qonaq qaldıqları müddətdə onlarla evlənə bilərlər.

Qaşqar həm də dünyanın ən yaxşı musiqi ifaçıları və həşişi ilə məşhurdur. Bu şöhrət sayəsində Qaşqar Asiyadakı bütün tacirlərin axın etdiyi məkana çevrilib. Burada farslarla tibetliləri, Volqa tatarları ilə hindliləri, əfqanları, erməniləri, yəhudiləri, qaraçıları (multani və lulu) və bəzi həmyerlilərimizi [rus], qaçaq Sibir kazaklarını görmək olar.

Bu yaxınlarda bu şəhər başqa bir şeylə şöhrət qazanmağa başladı: insan kəllələrindən tikilmiş qüllə. Heyvanları təsadüfən öldürdükləri kimi insanları da öldürməyə başlayıblar. Yerli bir xalq mahnısında deyildiyi kimi,

“Qaşqar şəhərində at saxlamaq çətindir,

çünki bir bağlama ot 12 pula başa gəlir,

amma başını saxlamaq ondan da çətindir,

çünki vay! vay!”

Mahnının bu qəribə sonu yerli əhalinin düşdüyü qorxulu vəziyyəti ifadə edir. Son vaxtlar Qaşqarda keçmiş hökmdarlarının nəslindən olan xocaların lehinə bir neçə dəfə qanlı üsyan baş verib. Üsyançılar elə də çox çinli öldürməmişdilər. Məsələn, öldürünlərdən biri çinlilərə işlədiyi üçün, digəri əsnədiyi, üçüncüsü isə dağ adamı olduğuna görə öldürülmüşdü.

Xocaları sürgün edəndən sonra çinlilər əvvəlcə şəhəri qarət etməyə başladılar, sonra mal-qara sürülərindən istifadə edərək buğda zəmilərini tapdalatdırdılar, sonra qadınları həbs etdilər, ardınca isə məscidi və türbələri dağıtdılar. Yekunda isə təntənəli sürətdə kütləvi edam mərasiminə başladılar.

Mən Qaşqara çatanda çinlilər əhaliyə işgəncə verməyi təzəcə bitirmişdilər. Şəhər qapılarından girəndə edam edilmiş sakinlərin saralmış kəllələri ilə doldurulmuş qəfəslərin asıldığını gördüm. Şəhərdə vəziyyət yavaş-yavaş sakitləşirdi. Çinlilər tərəfindən qoyulmuş yeni hökmdar, Mandarin papağı taxaraq ətrafda gəzir və yolundan çəkilməyən hər kəsi cəzalandırırdı. Kokandla əlaqələr bərpa olunmuşdu, Kokand səfiri artıq bir aydan artıq Qaşqara qayıtmış, hər gün Buxara və Kokanddan gələn karvanlar karvansarayları doldururdu.

Karvanımızın şəhərə gəlişi böyük həyəcan yaradırdı. Hələ biz gəlməmişdən əvvəl qırğızlar şayiə yaymışdılar ki, guya Rusiyadan 500 dəvə (bizdə cəmi 60 dəvə vardı), içində odlu silahlar gizlədilən sandıqlarla dolu bir karvan gəlir; və karvan komandirinin adı “Dəmir çarpayıdır” (yəqin ki, karvanbaşının çarpayısının dəmir olduğuna görə deyirdilər).

Asiyalıların inanmayacağı heç bir absurd yoxdur, söz-söhbət nə qədər absurd olarsa, bir o qədər çox inanılır. Çinlilər, məlum olduğu kimi, bu baxımdan digər asiyalılardan heç bir fərqi yoxdur, — və belə oldu. Xoşbəxtlikdən, Kokand səfiri bizim karvanbaşımızı və başqa tacirlərimizi şəxsən tanıyırdı; kokandlıların mərhəməti hesabına şəhərə buraxıldıq. Hələlik mən Çin və yerli hakimiyyət orqanlarının karvanımızla bağlı sorğu-suallarını müzakirə etməyəcəyəm, çünki səyahətlərim və vəhşi dəstə (karvan) ilə keçirdiyim vaxt haqqında danışmaq niyyətindəyəm.

Səyahətim 28 may 1858-ci ildə başladı. Kopal şəhərindən (Almatıya yaxın) 30 verst məsafədə, Karamulda düşərgə salmış ticarət karvanına qoşuldum. Karvan Semipalatinsk şəhərindən (müasir Semey şəhəri) yola düşmüşdü və Kokand, Buxara tacirləri tərəfindən idarə olunurdu. Karvanla səyahət edən 8 səyyar yurd vardı; yəni, 100 dəvə, 65 at, 34 nökər və 20.000 rubl dəyərində mal. Karvan camaatı arasında Alimbəy adı ilə tanınırdım və elə bilirdilər ki, karvanbaşı Musabəyin qohumuyam.

Mayın 29-da karvan yola düşdü. Alatau dağlarının ətəklərinin ecazkar mənzərəsi ilə Altın-Emel nöqtəsinə gedəndə hava səyahətimiz üçün əlverişli idi. Tarlalar qırmızı lalələrlə dolu idi, xaşxaş və ağ bəlğəmotu üzərindən uzun gövdəli sarı quşlar uçuşurdu. 25 verst məsafə qət etdikdən sonra karvan hündür qovaq ağaclarının kölgələri altında coşmuş çayın sahilində düşərgə qurdu; işıqlı yanan tonqal ətrafında əylənir, söhbət edir, buxaralılar qəlyan çəkib Quran oxuyurdular.

Qırğızlar isə düşərgənin ətrafında uzanaraq bizimlə qoyun alverinə cəhd edirdilər və hədiyyə almaq ümidi ilə öz əcdadlarının necə nəcib olduqları haqqında danışırdılar. Onlar karvana yaxınlaşıb ucadan soruşdular: hansınız varlısınız? Onlara görə hər bir çadır sahibi varlı idi. Çadır sahibləri qırğızları çay, quru meyvə ilə qonaq edirdilər; qırğızlar isə hamısını ciblərinə doldururdular.

Bir gün karvan Cəlair tayfasının hökmdarı sultan Cənqazı qəbul etdi. Sultan öz qəribəliyi ilə bizi heyrətə gətirdi. Qırğızların çox rəsmi hallarda yedikləri kök qaz kimi yeriyərək tələsək çadıra girdi, ən başda oturub düşüncəli bir görünüş aldı. Sonra qəflətən başını qaldırdı, cəld ətrafa göz gəzdirdi və bir misra dedi: “Cəlairlərin qoyunları çoxdur, Cənqazinin fikri çox” deyib yenidən sanki buddist rahibi vəziyyətinə geri qayıtdı. Bu vaxt digər qırğızlar general-qubernatorun Vernı qalasına (müasir Almatı şəhəri) necə gəldiyi haqqında söhbət edir, onun nə dediyini, hansı jestləri etdiyini müzakirə edirdilər. Plovu yeyəndən sonra qonaqlar yurdu tərk etdilər. Onlar gedəndən sonra bir növ badam qoxusu qaldı.

Payızda güclü şimal-şərq küləkləri ilə məşhur olan, “ebe” adlanan Junqar Alatau (müasir Qazaxıstan-Çin sərhədi) üzərindən keçdik. Ardınca çaxmaq daşları ilə dolu olan bir vadiyə daxil olduq. İli çayını uzaqdan görmək mümkün idi. Çayın bir tərəfindən digər tərəfinə nəqliyyata cavabdeh olan qırğızların axtarışında idik. Həmin müddətdə Kalkan dağları arasında, Altın-Emel qumluğundakı bir yarıqda gecələdik. Zəhərli tarantulalar, əqrəblər və dəvə hörümçəkləri ilə dolu dərədə düşərgə saldıq. O lənətlənmiş gecəni unuda bilməyəcəm. Həmin gecəni heç yatmadıq və ilk işıqda yürüşümüzə davam etdik.

Altın Emel

İli çayını iki günə uçuq-sökük salma körpülərlə keçdik. Körpülər atların köməyi ilə yedəyə alınaraq çayın üzərində üzürdülər. Nəhayət, 17 dəfə dağ və çay keçədən sonra Karkara vadisinə çatdıq. Sağ-salamat çatdığımız üçün İli çayı sahilində qurban kəsdik. Burada biz Aytbüzüm tayfasından olan Adabanov qırğızlarını tapdıq və ticarət üçün müxtəlif aullara (aul — dağ kəndi) doğru yola düşdük.”

İli çayı.

Ardı var….

İkinci hissə: https://shujaat-ahmadzada.medium.com/qa%C5%9Fqara-do%C4%9Fru-q%C4%B1r%C4%9F%C4%B1z-aulu-i%CC%87kinci-hiss%C9%99-2b5115ba1a16

Mənbələr:

Alexander’s Cartographer bloqu

Rus-Turk bloqu

--

--

Shujaat Ahmadzada
Shujaat Ahmadzada

Written by Shujaat Ahmadzada

University of Glasgow — IMCEERES (20–22) | Independent researcher

No responses yet