Qaşqara doğru: Qırğız aulu. İkinci hissə
Əslən qazax olan Çokan Vəlixanov (1835–1865) Rusiya Coğrafiyaçıları Cəmiyyəti üçün Mərkəzi Asiya, Şərqi Türküstan bölgələri ilə bağlı bir çox etnoqrafik hesabatların müəllifi olmuşdur. Onun yazıları Rusiyanın imperial elitası üçün həmin dövrlər yenicə müstəmləkələşdirilmiş Mərkəzi Asiya regionunu “daha yaxından” tanımağa əhəmiyyətli dərəcədə kömək etmişdir.
1850-ci illərdə Rusiya İmperiyası Mərkəzi Asiyadan sonra Şərqi Türküstanda (müasir Çinin qərbi) yerləşən ticari əhəmiyyətli şəhərlərin işğalında maraqlı idi. Səhralıq Tarım hövzəsində yerləşən oasis şəhərlər Şərq-Qərb ticarətində xüsusi rol oynayırdılar. Bu baxımdan uyğurların yaşadığı Qaşqar şəhərinin rolu əvəzsiz idi.
Belə olan halda, Rusiya İmperiyası gənc Ç. Vəlixanovu Qaşqar və ətraf bölgələr barəsində lazımi kəşfiyyat məlumatları toplamaq üçün regiona göndərir. “Tacir” adı altında səyahətə başlayan Vəlixanov Mərkəzi Asiyadan yola çıxaraq Qaşqara qədər gedir. O öz müşahidə və qeydlərini “Junqariya Gündəlikləri” adlı əsərində yazı halına salır.
Mərkəzi Asiyanın Rusiyaya “birləşməsinin” qatı tərəfdarı olan Vəlixanovun yazılarını oxumaq bizə 19-cu əsr Mərkəzi Asiya və Şərqi Türküstanı ilə bağlı əvəzsiz etnoqrafik məlumatlar verməklə yanaşı həmin dövrdə imperial elitaların və onların yerli dəstəkçilərinin yerli xalqlara qarşı hansı düşüncə, stereotiplərə sahib olduğunu göstərir.
Vəlixanovun qeydlərinin bir qismini tərcümə etmək qərarına gəldim. Tərcümənin ikinci hissəsi:
Avqustun 6-da karvan qırğız köçərilərinə yanına çatdı. Bizi Salmeke tayfasının banisi, Böyük adı ilə tanınan və rus hakimiyyətlərinə qarşı rəğbət bəsləyən və ruslardan kornet rütbəsi (müasir dövrdə — leytenant) almaq arzusu olan Manap Karaç qarşıladı. Öküz kimi böyük olduğu üçün ona Böyük deyirlər. Karaç əynində kənarı və arxası kəsilmiş uclu ağ keçə papaq, bizim hərbi kaftanlarımıza bənzəyən möhkəm kağız kimi materialdan hazırlanmış pambıq yun xalat, sinəsində üç yaşıl ipək lent vardı. Ayaqlarında taxta dabanlı qırmızı dəridən hazırlanmış yöndəmsiz çəkmələr vardı. Oğlu da eyni cür geyinmişdi, ancaq xalatı daha açıq rəngdə, zərif yaxalı və qollu idi. Karaçın yoldaşları dəyənək və nizə ilə silahlanmışdılar.. Qırmızı saçlı bir nizəçinin üstündə yalnız alt paltarı, keçə palto, digəri isə istiyə baxmayaraq, qoyun dərisi və xəz papaq geyinirdi. Qırğızlar çox cəld danışır, səsləri ciydir, ağızlarından isə daim enfiye (toz halında tütün)a tökülür.
Yuxarı Kegen vadisi hündür yerdə yerləşir və qida ilə zəngindir, çayın sahili palçıqlıdır, “saz” adlanan bataqlıqlarla doludur. Bu bataqlıqları ruslar “çernozem” (qara torpaq) adlandırırlar. Bataqlıqların yaxınlığında Çalkude çayı sahilində vaxtilə IX diviziyanın kalmık döyüşçülərinə aid tərkedilmiş arabaların yanında düşərgə saldıq; gecədə möhkəm qar yağdı, külək qışda olduğu kimi uğuldadı. Dəhşətli soyuq idi, çovğun iki gün davam etdi, qırğızlarla əlaqəmizi kəsdi.
Üçüncü gün qırğız tayfa başçıları karvanımıza gəlib bizi öz aullarına apardılar. Mən və dostum Məmrazıq kiçik Kıdıq tayfasının ağsaqqalı Bursuk bəyin auluna getdik. Aula çatdıqdan sonra ev sahibini ziyarətə getdik. Biz təntənəli şəkildə at belində çadıra yaxınlaşdıq. Çadırın bütün divarlarında deşiklər var idi və içərini tüstü basmışdı. Bursuk ocağın yanında fəxri kürsüdə əyləşmişdi; onun sağında maral dərisi üzərində əyləşmiş yoldaşı, iki qızı və bir neçə qırğız qadını vardı. Qapının yanında içərisində qımız (at südündən içki) dolu bir qazan vardı. Qapının solunda qırğız oturmuşdu, çəkmələri qırmızı dəriylə tikilmişdi. Döşəmədə taxta parçaları, keçə parçaları, yun və dişlənmiş sümüklər hər yerə səpələnmişdi. Biz yorğan naxışlı qara keçə oturacaqlarda oturmuşduq.
Ev sahibi çox mehriban idi. Ancaq arada əcdadlarımızın gorunu söyürdü. Ağzındakı toz tütün danışmasına mane olmasaydı, yoldaşı da yəgin mehriban insan idi. Bursuk əmr etdi ki, bizə qımız versinlər. Sahibə köhnə xalatın içinə ehtiyatla bükülmüş kiçik, lakin dolu bir küpə çıxartdı və bir neçə taxta fincan da götürdü. Qədəhlərin içində bir növ yemək qalıqları olduğundan sahibə və qızlar barmaqları ilə stəkanları təmizləməyə, tapdıqlarını ağızlarına sürtməyə başladılar. Bursukun uşaqları (9 nəfər idi) bizə qımız gətirdi.
Hörmətsizlik etmədim. Stəkanda qalan müxtəlif qırğız yeməklərinin qalıqlarına zərrə qədər də əhəmiyyət vermədən qımızı tam içdim. Bunların heç biri mənim üçün yeni deyildi. Hələ 1856-cı ildə mən varlı qırğız Burambayın yurdunda idim. Orada biz xalçada oturmuşduq. İçdiyimiz qımız çini stəkandan idi, amma başqa qazanları olmadığı üçün qımızı elə qab yumaq üçün istifadə etdikləri qazanda hazırlamışdılar. Burambayın çadırında qalan hər şey Bursukunki ilə eyni idi: eyni ağac parçaları, eyni sümüklər və s.
Qırğızlar qab-qacaq yumağı odun üstünə tüpürmək kimi böyük bir günah hesab edirlər. Düşünürlər ki, qab-qacaq təmizləmək onların xoşbəxtliyini məhv edəcək, var-dövlətini məhv edəcək…Kişilərin alt paltarlarını dəyişməmək vərdişi var və onu tamamilə cırıq-cırıq olana qədər geyinəcəklər. Bitləri öldürmək onlara asudə vaxtlarında əyləncə verir və onlar bu əyləncə olmadan nə edəcəklərini bilmirlər.
Ev sahibi o qədər qonaqpərvər idi ki, quzularından birini bizim üçün kəsdi. Yazıq quzunu hissə-hissə doğradı, tikələri qazana dolurdu və qoydu odun üstünə. Ac itlər quzunun kəsildiyi yerin ətrafına toplaşıb, iştahla döşəməni iyləyirdilər. Adətə görə gələn qonaq hamının ağzına bir ovuc ət qoymalıdır. Bunu eşidən bütün camaat qazanın ətrafına toplaşdı. Aşıq sazı əlinə alıb qırğız mahnılarından ifa eləməyə başladı. Sonda qazan çıxarıldı, qarşımıza böyük bir boşqab dilimlənmiş quzu əti qoyuldu. Üstündə isə ən yağlı tikə vardı. Fəxri qonaq olaraq bu yağlı tikəni duzlu bulyona batırıb yedik.
Ertəsi gün səhər tezdən Bursuk bizim çadıra çay içməyə gəldi. Naharda da bizi tək qoymadı. Axşam çayı və yeməyinə də bizimlə oldu. O, hər gün bunu etməyə davam edirdi. Uşaqları da atalarından geri qalmırdılar… Ümumiyyətlə, Bursuk ailəsi ilə yeyib-içmək bizim qanuni borcumuzdu.
Bundan əlavə, bizi qadınlar və qızlar da ziyarət edirdi; qaynadılmış quzu əti, küplərdə qımız və yağlı pendir gətirirdilər. Bunu yerli adətlərə görə verirlər. Dostum xoşbəxt idi. Onlara quru meyvələr, kətan, mərcan daşları verirdi, qızlara təmtəraqlı iltifatlar edirdi. Ancaq qırğızlar onun nə dediklərini başa düşmürdülər.
Axşamlar məzəli məclislər olardı. Gənclər, qadınlar və qızlar toplanardı. Qadınlar bir tərəfdə, kişilər isə o biri tərəfdə əyləşərdi. Sonra oyun başlayardı. Qızlardan biri qabağa çıxıb çadırdakı oğlanlardan xoşuna gələn birini seçməlidir. Sevinc içində olan oğlan bir növ hiyləgər gimnastika oyunu etməli və ya mahnı oxumalıdır. Mahnı xüsusi nəğmə ilə, qeyri-təbii səsdən istifadə edilməklə oxunur. İlk nota başlamaq qırğız üçün çox zəhmət tələb edir; gözləri qan çanır, burun dəlikləri genişlənir, əvvəlcə yalnız boğuq səslər çıxarır, müğənni düzgün tonu vurana qədər uğursuz olur.
Ümumiyyətlə, qırğızlar arasında münasibətlər primitiv xarakter daşıyır: analar, atalar, qardaşlar bunu görürlər və həqiqətən də vecinə deyillər. Mənim karvan dostlarım üçün bunlar çox qəribə idi. Qırğızlar asiyalılara xas olan qısqanclıqdan xəbərsizdirlər. Bu tolerantlığı izah edən odur ki, bu insanlar arasında İslam hələ də yayılmayıb.
Onlar özlərini müsəlman adlandırsalar da, Məhəmməd Peyğəmbərin kim olduğunu belə bilmirlər. Şamanizm ayinləri ilə yas mərasimləri, toylar keçirilir. Bir az savadalı və dünyagörmüşlər isə toyda dua oxuyurlar. Əminliklə demək olar ki, İssık-Kul köçərilərindən tutmuş Bədəxşanın (müasir Tacikistan) özünə qədər bu irqdən [qırğızlar] heç kim oxumağı bilmir. Qırğızlar qımızdan distillə edilmiş şərab içirlər.
Oxşar dini anlayışlara 30 il əvvəl bizim Orta Orda (bugünkü Mərkəzi Qazaxıstan) qazaxları arasında da rast gəlinirdi. Məhz Rusiya hakimiyyəti gələndən sonra məscid inşa edildi, tatar mollalar təyin edildi. İndi-indi həmin tatar mollalar hesabına Orta Orda qazaxları gündə 5 namaz qılırlar. İndi elə qazaxlar tapa bilərsiniz ki, Məvləvi dərvişlərindən belə daha fanatikdirlər. Onlardan bəziləri hətta hərəm anlayışını tətbiq etmək üçün yalvarırlar. Qırğız çölü üçün nəyin daha yaxşı olacağını bilmirik: dinsizliklə dolu cəhalət, yoxsa anti-proqressiv dəyərləri yayan müasir tatar maarifçiliyi.
………..
Demək olar ki, bir aya yaxın bu qırğız aulunda yaşadıq. Onlarla birlikdə bir yerdən başqa yerə köçdük, mallarımızı daim qoyunlara satdıq.
Ev sahibimiz öz aulu üçün digər köçərilərdən uzaq olan ən güclü mövqeləri seçirdi. Orada olduğum müddətdə onun aulu keçilməz Muzart dərələrində (daimi qarlı dağlar) və ya Təkəs çayının bataqlıqlı yuxarı axarında məskunlaşmışdı. Seçdiyi təbii-coğrafi yerlər ona kamuflaj üçün əla şərait yaradırdı. Digər tayfalar çay sahilində toplaşıb yas mərasiminə hazırlaşan zaman, ev sahibinin 9 vəhşi oğlu at oğurluğu ilə məşğul idi.
Avqustun son günlərində Qaşqar tacirləri geri qayıtmağa başladılar. Qırğız dostlarımız bizə qaşqarlılara qoşulmağı məsləhət gördülər, çünki yol, onların təbirincə, kiçik karvan üçün təhlükəsiz deyildi. Bursukla sağollaşıb martın 9-da Zaukin dərəsindən çıxdıq. Bursukdan xahiş etdik ki, bizi müşahidə eləsin.
Ancaq Bursukun mövcudluğu belə bizi qırğızlardan xilas etmədi. Ayın 11-də karvan dar dərədən keçərkən birdən arxamızdan qulaqbatırıcı səslər yüksəldi. Tezliklə 70 qırğızdan ibarət dəstənin hücumuna məruz qaldığımız üçün müdafiə mövqelərini tutmağa cəhd etdik. Karvan əhalisi dəvələrin arxasına sığınaraq başlarını aşağı saldılar. Ancaq torpaq sürüşməsi hesabına yaranmış böyük qayalar bizə təbii müdafiə imkanı yaratdı. Nökərlərimiz yaxşı vuruşdu və qırğızları dəf edə bildik, hətta onların liderlərindən birini də əsir götürdük. Dava hər iki tərəfin itkilər verməsi və əsirlərin dəyişdirilməsi ilə yekunlaşdı. Özümüzə qarantiya olacağına inandığımız Bursuk isə davadan həmən sonra gizlicə qaçıb-getdi.
Yolu davam etdik. Sıldırım uçurumun üstünü örtən müxtəlif heyvan skeletləri onu aşmağın çətinliyindən xəbər verirdi. (…) Bütün karvan bir gün ərzində uçuruma qalxa bilmədi. Karvanın bir hissəsi Zaukin aşırımının sonunu təşkil edən kiçik bir bataqlıq yaylasında düşərgə qurdu, digər hissəsi isə əvvəlki düşərgədə qaldı. Bol yağan qar vəziyyəti gərginləşdirdi. Yük atları və xüsusən də dəvələr tez-tez yaş qayalar boyunca sürüşürdülər, bəziləri yıxılaraq uçurumdan aşağı yuvarlanır, yıxılanda əks-səda verən vahiməli səslər çıxarırdılar. Yoldaşlarım çaş-baş görünürdülər. Hamını yük heyvanlarımızı təhlükəsiz şəkildə zirvəyə çatdırmağı düşünürdü. Heyvan sürənlərin fəryadları və lənətləri, Allaha təqvalı çağırışlar ətrafdakı dağlarda əks-səda yaradaraq əsrlik qarı silkələdi.”
Ardı var…