Hellada Kafkasou — Qafqazda Yunanların Qısa Tarixi
Bu yaxınlarda Nina Katiqirova adlı bir xanımın azərbaycanca mahnı oxuduğu videosu çox müzakirə edildi. Çoxları onun “Bakılı balasıyam” mahnısını dəyişdirərək “Livanlı balasıyam” kimi oxuduğunu zənn etmiş, hətta xanımın Livanda yaşayan erməni olduğunu güman edərək musiqi “savaşlarından” söz açmağa başlamışdı. Halbuki Nina Katiqirovanın oxuduğu mahnıda Livan yox “Livadi” deyilirdi.
Livadi Gürcüstanın cənub qərbində bir kəndin adıdır. Bu kənd 1830-cu ildə indiki Türkiyənin Qara dəniz sahillərində eyni adlı kənddən gələn qaçqınlar tərəfindən salınıb. Həm kəndin yaradıcıları, həm də Nina Katiqirova etnik cəhətdən urumdur. Urumlar Yunan Pravoslav Kilsəsinin davamçısı olan və azərbaycanca danışan etnik qrupdur.
Qafqazın yunan tarixi barədə danışarkən ən qədim dövrlərə gedib çıxmaq olar. İstər tarixi mətnlərdə, istərsə də mifoloji rəvayətlərdə ellindilli (ingiliscə — Hellenic) tayfalarla Qafqaz tayfaları arasında təmaslara geniş şəkildə istinad edilir. Hələ eramızdan əvvəl 700-cü ildən başlayaraq yunan şəhər dövlətləri Qara dəniz sahillərində, o cümlədən bugünkü Cənubi Qafqazda, ticarət məqsədli müstəmləkələr yaratmağa başlamışdılar. Bu tarix nə qədər qədim olsa da, Qafqazın yunan tarixinin əhəmiyyətli bir qismi müasir dövrümüzü əhatə edir — bu tarix imperiyalar arasında müharibələrdən və kütləvi köçlərdən ibarət bir tarixdir.
Tarixə keçməzdən əvvəl adlar barəsində söz açsaq yaxşı olardı. Yunan milli diskursundə ən böyük debatlardan biri yunanların özlərini necə adlandırmağı ilə bağlıdır. Burada debat üç etnonim arasında gedir. Bunlar müvafiq olaraq Qrek, Ellin və Roman etnonimləridir. “Qrek” latınlar tərəfindən ellindillilərin bir qisminə verilmiş addır. “Ellin” isə mifoloji rəvayətlərdə Ellada ölkəsinin yaradıcısının adı hesab olunur. “Roman” adı isə Şərqi Roma İmperiyasının (yəni, Bizans) vətəndaşları deməkdir. Azərbaycan dili və digər bir sıra dillərdə (fars, erməni, türk) istifadə olunan “Yunan” isə İon dənizi ilə əlaqəlidir.
Sırf bu yazıdakı kontekst üçün “Roman” adı üzərinə fokuslansaq daha uyğun olar. 1453-cü ildə Bizansın paytaxtı Konstantinopol Osmanlı Sultanı II Mehmet tərəfindən nəzarətə götürüləndən sonra Sultan özünü “Kayser-i Rum” elan edir, yəni romalıların Sezarı (qeyd: Ceaser — Kayser) elan edir. Bununla da Osmanlı İmperiyası Bizansın, yəni Şərqi Roma İmperiyasının, rəsmi olaraq varisinə çevrilir.
Şərti olaraq yeni Sezar olan Sultan imperiyanın dini-mədəni idarəçiliyini təkmilləşdirmək üçün millət sistemi yaradır. İmperiya daxilində hər bir millət dini-mədəni məsələlər üzrə muxtariyyətə sahib olmalı idi. Baxmayaraq ki, bu millətlərin müəyyənləşdirilməsi vahid bir xətt üzrə aparılmayıb və zaman keçdikcə bir çox dəyişikliyə məruz qalmışdır, ümumiləşdirməli olsaq beş böyük millətdən danışa bilərik: müsəlmanlar, ermənilər, rumlar (pravoslav xristianlar), yəhudilər və katoliklər. Daha sonralar rum adı bütün imperiyadakı Yunan Pravoslav Kilsəsinin davamçılarını əhatə etməyə başladı.
Tarixə millətçi yanaşmanın dəstəkçiləri əksər hallarda Anadolu rumları ilə antik Yunanıstan arasında davamlı və kəsilməz bir tarixi əlaqə quraraq, bütün rumları homojen və vahid bir etno-konfessional qrup kimi təsvir etməyə çalışırlar. Ancaq kimliklərin sərhədləri heç vaxt dəqiq konturlarla çəkilmir. Balkanlardan Anadoluya, Anadoludan Qafqaza qədər uzanan coğrafiyadakı etno-mədəni mozaikanın nə dərəcədə çoxçalarlı olduğunu görmək üçün bir neçə nümunəyə baxmaq kifayətdir: Karamanlılar — türkcə danışan, yunan pravoslav kilsəsinə ibadət edənlər; Hayhurumlar — ermənicə danışıb, yunan pravoslav kilsəsinə aid olanlar və Vallahedlilər — yunanca danışıb, sünni İslamı qəbul edənlər.
İmperial müharibələrə qayıdaq. 18-ci əsrdən etibarən Rusiya İmperiyası öz hərbi-siyasi nüfuzunda artışa şahidlik edir və bununla da Osmanlılarla rəqabətdə özünü şərq xristianlarının himayədarı kimi göstərərək “Yeni Roma” olmağa çalışırdı. Rus-Osmanlı müharibələri zamanı “yad” hesab edilən dini qrupların deportasiyası bir normala çevrilmişdi. Qələbənin kim tərəfdə olmağından asılı olmayaraq müsəlmanlar Osmanlıya, xristianlar isə Rusiyaya qovulurdu. Bu sürgünlərin ən ağır yüklərindən biri Millet-i Rum olaraq tanınan Anadolu rumlarının üzərinə düşmüşdü.
1828-ci ildə Cənubi Qafqaz üzərində Rusiyanın nəzarəti tam bərqərar oldu. Rus idarəçiliyinin ilk illəri icmaların mütəmadi olaraq bir məkandan digərinə köçürülməsi ilə yadda qalırdı. Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri bu köçürülmələr üçün hüquqi əsas yaratmışdı. Rus Qafqazına köçürülənlər arasında çoxlu rum var idi. Xristian olduqlarına görə evlərini tərk etməli olan rumların əksəriyyəti bugünkü Türkiyənin Qara Dəniz sahillərindən, yəni Pontus regionundan gəlirdilər.
Qafqaza gələn rumlar dil baxımdan iki qrupa bölünürdülər: Abxaziyada, Tiflisdə, Bakıda, müasir Ermənistanın şimal hissələrində və hətta Qarabağın Mehmana kəndində məskunlaşan yunandilli rumlar; və Borçalının (Gürcüstan) Barmaqsız (Tsalka) bölgəsində məskunlaşan türkdilli rumlar. Yeni gələnlərin əksəriyyəti ikinci qrupdan idi. Türkdilli rumlar uzun müddət şərqi Anadoluda (Qars, Ərzurum) türkdilli qonşuları — əksər hallarda, azərbaycanlılarla — birgə çox sıx yaşamış və müasir Azərbaycan dilinin ləhcəsi sayıla biləcək bir ləhcəni mənimsəmişdilər.
Özlərinə rum deyən bu qrupa türkdilli qonşuları urum deyirdi. Şərqi Anadoluda türkdilli icmalarla birgə yaşayan urumlar Borçalıya köçən zaman azərbaycanlılar və Ahıska türkləri ilə birgə yaşamağa davam etdilər. Urumlar linqvistik cəhətdən müasir Azərbaycan dilinə o qədər çox inteqrasiya olmuşdular ki, Sovet dövründə siyahıyaalma zamanı onlar “azərbaycanlı” kimi təsnif edilirdilər. Maraqlısı budur ki, o bölgədə yaşayan gürcü və ermənilər belə urumlara “türk” və ya “tatar” olaraq müraciət edirdilər.
Yunandilli rumlar tamamilə fərqli bir prosesdən keçirdilər. Onların bir çoxları şəhər mərkəzlərində yaşadıqlarından rus dilini mənimsəmiş və praktiki cəhətdən rusdilli bir qrupa çevrilmişdilər. Sovet siyahıyaalınmasında onlar rəsmi olaraq “yunan” adlandırılırdı. Diqqətə çarpan məqamlardan biri budur ki, yunandilli rumların bir qismi Sovet hakimiyyəti qurulandan sonra xarici vətəndaşlıqlarını qorumuş və Sovet vətəndaşı olmaqdan imtina etmişdilər.
Nasist Almaniyası ilə Sovetlər arasında gərginlik artdıqca xarici vətəndaşlığa sahib olmaq və “yunan” kimi adlandırılmaq təhlükəyə çevrildi. “Zərərli xarici təsir” altında olan etnik azlıqlara qarşı paranoya pik həddə çatdı. Əvvəlcə kütləvi həbslər və güllələnmələr ilə başlayan təqiblər, müharibənin başlanması və nasist qüvvələrin Sovetin mərkəzinə doğru irəliləməsi ilə yunanların kütləvi deportasiyasına çevrildi. Baxmayaraq ki, Qafqaz yunanlarının Yunanıstan ilə çox minimal əlaqələri var idi və onlar Qafqaza gələndə heç müstəqil Yunanıstan mövcud deyildi, Sovetlər üçün yunanlara artıq Qafqazda onlara yer yox idi. Qısa müddət ərzində Qafqaz və Rusiyada yaşayan yunanlar kütləvi şəkildə Mərkəzi Asiyaya sürgün edildilər.
Təqib olunanlar arasında Sovet Azərbaycanından olan Sürəyya Zəngəzurskaya kimi tanınan Pamfiliya Tanailidi də var idi. Zəngəzurda (indiki Ermənistan) anadan olub, 14 yaşında teatra qədəm qoymuş Pamfiliya tezliklə istedadı ilə şöhrət qazanaraq həm yunan, həm də azərbaycanca tamaşalarda çıxış edir və bütün Qafqazda qastrol səfərlərində olurdu. O, hətta Tiflisdə ilk Azərbaycan dram teatrının həmtəsisçisilərindən biri idi. Ancaq təqiblər ona aman vermədi; Pamfiliya saxta ittihamlarla həbs olundu. Şayiələrdən birinə görə dostları arasında açıq şəkildə İran tütünün Sovet tütünündən üstün olduğunu deməsi onun həbs fərmanının verilməsi üçün kifayət idi. Cəmi 15 dəqiqəlik göstəriş xarakterli məhkəmədən sonra 1937-ci ilin oktyabrında Pamfiliya güllələnir. Onun dəfn yeri hələ də naməlum olaraq qalır.
Təqiblərin nəticələri dəhşətli idi. Abxaziyada yaşayan 41.000 yunandan 1959-cu ildə yalnız 8.000-ə yaxını qalmışdı. Stalin dövrü təqibləri Azərbaycan və Ermənistandakı yunan həyatını demək olar ki, məhv etdi. Təxminən 20.000 yunanın bu təqiblər nəticəsində həlak olduğu güman edilir. Stalinin ölümündən sonra onların bəzilərinə Mərkəzi Asiyadan geri qayıtmağa icazə verilsə də bir çoxları Yunanıstana mühacirət etməyi seçdilər.
Köçkünlük və mühacirət orda bitmədi. Abxaziyadakı münaqişə çoxlarını, o cümlədən yunanları evlərini tərk etməyə məcbur etdi. 1993-cü ildə Abxaziyada müharibənin qızğın dönəmində Yunanıstan hökuməti mindən çox yunanı Yunanıstana evakuasiya etdi. Qarabağda müharibə isə sonuncu yunan kəndi Mehmana sakinlərini öz evlərini tərk etməyə məcbur etdi. Sosial-iqtisadi çətinliklər də bir çox yunan və urumları Gürcüstan və Ermənistanı tərk etməyə məcbur etdi.
Ermənistanın şimalında yerləşən Yağdan kəndi son onilliklər ərzində baş verən kəskin demoqrafik dəyişikliklərə yaxşı bir nümunədir. Vaxtilə mədən sənayesində işləmək üçün ərazidə məskunlaşmış yunan ailələri tərəfindən qurulan kəndin əhalisi sovet dövründə əksərən yunanlardan ibarət idi. Lakin 1988-ci il Spitak zəlzələsi, ardınca Qarabağ münaqişəsi və sonrakı sosial-iqtisadi çətinliklər yunanların kütləvi köçünə səbəb oldu. Bu gün Yağdan Ermənistanda yunanların olduğu yeganə kənd olaraq qalmaqda davam edir, ancaq orda belə onlar azlıq təşkil edirlər — 200 ailədən yalnız 30-u yunan mənşəlidir.
Urumlara gəlincə, vəziyyət fərqli deyildi. 1989–2002-ci illər arasında urumların sayı 35.000-dən 3.000-ə qədər kəskin şəkildə azaldı. Əksəriyyəti daha yaxşı sosial-iqtisadi şərait üçün Yunanıstana və Rusiyaya köçdü. 2006-cı ildə təxminən 1500 urumun Tsalkada qaldığı təxmin edilirdi. Urumlara məxsus tərk edilmiş mülklər tezliklə Gürcüstanın Acarıstan və Svaneti bölgələrindən torpaq sürüşmələri nəticəsində didərgin düşmüş “ekoloji köçkünlər”, həmçinin Bakı-Tbilisi-Ceyhan kəmərinin tikintisində işləmək üçün Tsalkada məskunlaşmış iqtisadi miqrantlar tərəfindən zəbt edildi.
Bu gün urumların əksəriyyəti Yunanıstanın Makedoniya bölgəsindəki Saloniki şəhərində yaşayır. Yunanıstan vətəndaşlığını aldıqdan sonra onlar tədricən linqvistik olaraq yunan dilinə uyğunlaşıblar. Bununla belə, Azərbaycan dili — urumlar arasında “bizim dil” kimi adlandırılır — hələ də icma toplantıları zamanı danışılır və urum kimliyinin ayrılmaz hissəsi olaraq qalır. Bu linqvistik bağ coğrafi yerdəyişmələrə baxmayaraq sarsılmaz olaraq qalır. Bir çox müasir Azərbaycan musiqi tamaşaları və ənənələri kilometrlərlə uzaqda Yunanıstanda yaşayan urum icmasına asanlıqla yol tapır..
Qafqazın yunan və urum tarixi kütləvi köçlər, təqiblər və müharibələrdən ibarətdir. İndi Qafqazda çox az yunan və urum qalıb. Ancaq onların mövcudluğu bu coğrafiyanın həm zəngin etno-mədəni mozaikasından, həm də bu mozaikanı dəyişdirən qanlı hadisələrin mövcudluğundan xəbər verir. Hellada Kafkasou — yəni, Yunan Qafqazı — artıq reallıq olmasa da, bu keçmiş icmaların xatirələri və ənənələri, hətta bu torpaqlara heç vaxt ayaq basmayanlar arasında da ötürülməkdə davam edir. Qəribə və kədərli bir təsadüf olsa da, bu gün bir çox urum və Qafqaz yunanlarının yaşadığı şimali Yunanıstan da oxşar talehi bölüşür — bir vaxtlar slavyanlardan, yəhudilərdən və türklərdən ibarət öz mozaikasına malik olan, lakin artıq mövcud olmayan taleh.