Azərbaycanın inzibati bölgüsü 2.0
Son iki ildə ölkədə özündə inzibati bölgü sahəsində dəyişiklikləri də ehtiva edən konstitusiya dəyişiklikləri üçün referendumunun keçiriləcəyi ilə bağlı bu və ya digər formada şayiələr dolaşmaqdadır. Ən son paylaşılmış məlumata əsasən bu ilin payız ayında konstitusiya dəyişiklikləri üçün referendumun keçirilməsi planlaşdırılır.
Azərbaycanın mövcud inzibati bölgüsü Sovet Azərbaycanının inzibati bölgüsünün mirasıdır. Hal-hazırda ölkədə 66 rayon və 14 respublika tabeli şəhər var. Mövcud rayonların inzibati sərhədlərinin böyük əksəriyyəti Sovet dövründə formalaşdırılıb. Ən son yaradılmış rayon Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonudur (2004-cü il).
Mərkəzi hökumətin rayonlardakı təcəssümü icra hakimiyyəti orqanlarıdır. Bu konsept Azərbaycanın müstəqilliyinin ilk illərində Sovet dövrünün rayon idarəçiliyi prinsiplərinin əsasında qurulmuşdur. Həm icra başçıları, həm də icra başçılarının müavinləri prezident tərəfindən təyin olunur. Hər rayonda şərti olaraq 1 icra başçısı, 3 icra başçısı müavini olduğunu götürsək, mərkəzdən rayonların idarə edilməsi üçün 200–300 şəxsin prezident tərəfindən birbaşa təyin olunduğunu deyə bilərik.
Azərbaycan kimi ərazi, əhali və resurslar baxımdan kiçik bir ölkədə 200–300 şəxsin birbaşa təyinat alaraq 66 rayonu (üstəgəl, 14 respublika tabeli şəhəri) idarəetməsi ziddiyətli bir məqamdır. İkinci Qarabağ Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə yeni idarəetmə strukturunun — prezidentin səlahiyyətli nümayəndəsi — yaradılması özlüyündə icra başçıları insitutunun disfunksional olduğunun qəbullanılmasının göstəricisidir.
Belə olan halda Azərbaycanda həm inzibati ərazi bölgüsünün, həm də idarəetmə sisteminin əsaslı dəyişilməsinə ehtiyac var. Bu istiqamətdə bir neçə ildir səsləndirdiyim təklifləri yazı halına salmaq qərarına gəldim:
İqtisadi Bölgələr — statistik əhəmiyyət daşıyan bu bölgünün administrativ aparat ilə idarəedilməyinə ehtiyac yoxdur. Belə bir bölgünün arxasında duran əsas məntiq aşağı-yuxarı oxşar iqtisadi təkamül mərhələsi keçmiş regionlara bir iqtisadi vahid olaraq baxmaqdır.
Mən hal-hazırda mövcud olan 14 iqtisadi-coğrafi rayonun 8 iqtisadi bölgə ilə əvəz edilməsinin tərəfdarıyam.

Əgər adlandırmalı olarsaq, onda belə təklif edərdim:
- Abşeron İqtisadi Bölgəsi
- Şimal İqtisadi Bölgəsi
- Baş Qafqaz İqtisadi Bölgəsi
- Aran İqtisadi Bölgəsi
- Cənub İqtisadi Bölgəsi
- Qərb İqtisadi Bölgəsi
- Qarabağ İqtisadi Bölgəsi
- Naxçıvan İqtisadi Bölgəsi
Mahallar — mövcud 66 rayonun ləğv edilərək 20 mahal ilə əvəz edilməsinin tərəfdarıyam. Sual yarana bilər ki, niyə yuxarıda təklif edilən 8 iqtisadi bölgə elə inzibati ərazi vahidinə çevrilməsin. Azərbaycan kimi müstəqilliyini cəmi 30 il əvvəl qazanmış və regional fraqmentasiya keçmişinin olduğu ölkədə iri ərazi vahidlərinin yaranmağı özlüyündə siyasi risk daşıyır. Mümkün destablizasiya ssenarilərində bu ərazi vahidlərin kvazi-dövlətciklərə çevrilməsi riski var.
Ona görə də mərkəzdən təyin olunacaq nümayəndələr tərəfindən idarəediləcək vahidlərinin sayının azaldılması həm dövlət resurslarının daha qənaətcil istifadə edilməsinə, həm də ərazilərin inkişafında tarixi-coğrafi əlaqələrin insitutlaşmasına səbəb ola bilər.

Əgər adlandırmalı olsaq, belə təklif edərdim:
- Abşeron Mahalı (Abşeron yarımadasındakı qəsəbə və kəndləri birləşdirir)
- Xəzər Mahalı (Xızı, Siyəzən, Şabran rayonları)
- Şahdağ-Samur Mahalı (Xaçmaz, Quba, Qusar rayonları)
- Dağlıq Şirvan Mahalı (Ağsu, Şamaxı, Qobustan rayonları)
- Alban Mahalı (İsmayıllı, Qəbələ, Oğuz rayonları)
- Şəki-Car Mahalı (Şəki, Qax, Zaqatala, Balakən rayonları)
- Kür-Muğan Mahalı (Salyan, Neftçala, Biləsuvar rayonları)
- Cavad Mahalı (Sabirabada, Saatlı, İmişli, Beyləqan rayonları)
- Aran Şirvan Mahalı (Hacıqabul, Kürdəmir rayonları)
- Ərəş Mahalı (Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab rayonları)
- Talış Mahalı (Lənkəran, Astara, Lerik rayonları)
- Viləş-Muğan Mahalı (Cəlilabad, Masallı, Yardımlı rayonları)
- Cavanşir Mahalı (Kəlbəcər, Tərtər, Bərdə rayonları)
- Mərkəzi Qarabağ Mahalı (Ağcabədi, Ağdam, Xocalı, Şuşa rayonları)
- Arazbar Mahalı (Füzuli, Cəbrayıl, Xocavənd rayonları)
- Şərqi Zəngəzur Mahalı (Zəngilan, Qubadlı, Laçın rayonları)
- Gəncə Mahalı (Goranboy, Daşkəsən, Samux, Göygöl rayonları)
- Şəmşəddil Mahalı (Şəmkir, Tovuz, Gədəbəy rayonları)
- Qazax Mahalı (Qazax, Ağstafa rayonları)
- Naxçıvan Mahalı (bütün Naxçıvan MR)
Böyük Şəhərlər — Mövcud respublika tabeli şəhər konseptinin böyük şəhər konsepti ilə dəyişdirilməsinin tərəfdarıyam. Böyük Şəhər olmaq üçün əhalinin sayı minimum ölkə əhalisinin 5%-ni əhatə etmək (indiki şərtlərdə 50,000) şərtdir. Bu şəhərlər seçkili bələdiyyə orqanları tərəfindən idarə edilməlidir. Böyük Şəhərlərin mümkün siyahısı:
- Bakı (2.5 milyon)
- Sumqayıt (350 min)
- Gəncə (340 min)
- Mingəçevir (110 min)
- Xırdalan (100 min)
- Naxçıvan (95 min)
- Şirvan (90 min)
- Yevlax (70 min)
- Şəki (70 min)
- Xankəndi (60 min)
- Lənkəran (52 min)